Eşitdim ki, deyirlər pəncərən dənizədir, Görməmişəm üzünü, hələ evin təzədir, Xəzri ilə eyvanın qucuşur, üz-üzədir, Fırtınaya dönərəm, döyərəm pəncərəni, Şirin yuxularından oyadaram mən səni.
Bilirəm yaddaşında qalmayıb qoşa çağlar. Zalım fələkdən nahaq ürəyim küsü bağlar. Gözlərim səndən deyil,özümdən küsüb ağlar , Fırtınaya dönərəm, döyərəm pəncərəni, Şirin yuxularından oyadaram mən səni.
Əzizinə deyərsən, bu nə küləkdir belə? Üşüdür yayda bizi, qış gəlməyibdir hələ. Salıb gecələr sənin ürəyinə vəlvələ, Fırtınaya dönərəm, döyərəm pəncərəni, Şirin yuxularından oyadaram mən səni. 03. 06. 1987. müəllif Gövhər Əntiqə
|