Sən həmin Bakısan, evləri uca, Küçələri geniş, dalanları dar. Sən həmin Bakısan, qocadan-qoca, Öpür tellərini xəzri, gilavar.
Sən həmin Bakısan, həmin Bakısan, Köksündə həsrətin, hicranın həmin, Sən dəli Xəzərin qoynundakısan, Sən lal şahidisən nakam eşqimin.
Sən həmin Bakısan, şəhid qanıyla Yoğrulub hər addım torpağın, daşın. Aləmdə məşhursan adın-sanınla, Heç vaxt əyilməyib mərdanə başın.
Sən həmin Bakısan, “qara qızılın” Faşizm üzərində qələbə çalıb, Səndə, ey bəşərin nadir gözəli, Hələ çoxlarının gözləri qalıb.
Sən həmin Bakısan, evləri uca, Küçələri geniş, dalanları dar. Sən həmin Bakısan, qocadan-qoca, Sevər Gövhər səni nə ki, ömrü var. 30. 01. 1997.müəllif Gövhər Əntiqə
|